Menu

YEŞAYA 15

BSA

1 Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.

2 Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı.

3 Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır.

4 Xeşbon və Elale fəryad edir, Səsləri Yahsaya qədər eşidilir. Buna görə Moav əsgərləri nalə çəkir, Ürəkləri qorxu içindədir.

5 Ürəyim Moav üçün kədərlənir, Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı. Luxit yoxuşundan ağlayaraq çıxırlar. Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.

6 Nimrim suları quruduğu üçün ot soldu, Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.

7 Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini Söyüdlər vadisindən keçirir.

8 Xalqın ağlaşması Moav torpağını bürüyür, Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.

9 Çünki Dimon suları qanla doludur, Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm, Moavdan qaçıb-qurtulanların, Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.

Everything we make is available for free because of a generous community of supporters.

Donate