Menu

YEŞAYA 35

BSA

1 Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.

2 Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

3 Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin.

4 Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!»

5 O vaxt korların gözləri, karların qulaqları açılacaq,

6 Axsaqlar ceyran kimi hoppanacaq, Lalların dili sevinclə nəğmə deyəcək, Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq.

7 Qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.

8 Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq.

9 Orada şirlər olmayacaq, Yırtıcı heyvanlar o yola çıxmayacaq, Onlara orada rast gəlməyəcəklər. Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.

10 Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, Onlar fərəh və şadlıq tapacaq, Kədər və qəm-qüssə yox olacaq!

Everything we make is available for free because of a generous community of supporters.

Donate